AZ

NƏŞR ETİKASINA DAİR TƏLƏBLƏR


Nəşr etikasına dair tələblər jurnalın redaktorları, rəyçilər və müəllifləri arasında münasibətləri tənzimləyən peşəkar davranış normaları sistemidir. Bu normalar COPE (Nəşr Etikası Komitəsi) tərəfindən təqdim edilən tövsiyələr və beynəlxalq nəşr standartları əsasında təşkil edilmişdir. 

“Elm, Təhsil və İnnovasiyalar” Beynəlxalq Elmi Jurnalın redaktorlarının, rəyçilərin, müəlliflərin nəşr etikasına dair tələblərə, etik davranış standartlarına riayət etmələri zəruridir. Nəşr prosesində dürüstlük və şəffaflıq prinsipləri təmin edilməlidir, tədqiqatların və nəşrlərin tam və dəqiq təqdim olunması vacibdir. Nəşr etikasına dair tələblərin pozulması hallarına rast gəlindikdə scieduinn@iseic.org ünvanı vasitəsi ilə redaksiya heyətinə məlumat verilməsi zəruridir. Şikayətlər 3 iş günü ərzində qəbul edilir və 14 iş günü ərzində cavablandırılır; həll prosesi daha uzun müddət aldığı təqdirdə, şikayətçiyə məlumat verilir. Şikayətçi bu prosesdən məmnun qalmadığı təqdirdə məsələni Baş redaktora (+994 50 301 06 26) çatdıra bilər, Baş redaktorun qərarı yekun qərar olacaqdır.

 

MARAQLARIN TOQQUŞMASI

“Elm, Təhsil və İnnovasiyalar” Beynəlxalq Elmi Jurnal etibarlı elmi tədqiqatlar və şəffaflıq prinsiplərinə sadiqdir. Bu səbəbdən redaktorlar, rəyçilər və müəlliflər bütün potensial maraq toqquşmalarını (şəxsi, maliyyə və b.) açıq şəkildə bəyan etməlidirlər. Bu məlumatlar qiymətləndirmə prosesində şəffaflığı təmin edir. Maraq toqquşmalarının qarşısını almaq və qeyri-etik davranışlara yol verməmək üçün jurnal, Elmi Nəşriyyat Etikası Komitəsinin (COPE) təlimatlarına uyğun tədbirlər görəcəkdir.

 

MÜƏLLİFLƏR ÜÇÜN ETİK TƏLƏBLƏR

Müəllif maraqlarının təmin edilməsi redaksiya üçün prioritet məsələdir. Bununla bərabər, müəlliflərin də aşağıda qeyd olunan tələblərə riayət etmələri zəruridir:

  • Redaksiyaya təqdim edilən məqalənin müəllifləri tədqiqat işinə əhəmiyyətli töhfə verən,  məqalənin hazırlanmasında fəal iştirak edən şəxslər olmalı, məqalənin nəşri üçün müəlliflərin razılığı olmalıdır.
  • Redaksiyaya təqdim edilən məqalə müəlliflərin apardığı elmi tədqiqatın etibarlı nəticələrini özündə ehtiva etməli, elmi yeniliyə malik olmalı, saxta məlumatları əks etdirməməlidir.
  • Redaksiyaya təqdim edilən məqalələr tamamilə orijinal olmalı, başqa müəlliflərin əsərlərindən istifadə edildikdə, dəqiq şəkildə istinad verilməlidir, plagiat yolverilməzdir və plagiat hallarının olması nəşr etikası tələblərinin pozulması deməkdir.
  • Redaksiyaya təqdim edilən məqalənin eyni vaxtda digər jurnallara təqdim edilməsi, yaxud daha öncə nəşr olunmuş məqalənin yenidən çapa təqdim edilməsi nəşr etikası tələblərinin pozulması deməkdir.
  • Redaksiyaya təqdim edilən məqalələrdə hər hansı bir elmi səhv, yaxud qeyri-dəqiq məlumat aşkar edildikdə müəlliflər dərhal redaktorlara məlumat verməli, məqalənin çapdan çıxarılması və ya düzəlişlər edilərək yenidən çapa təqdim edilməsi üçün razılıq əldə etməlidirlər.

 

REDAKTORLAR ÜÇÜN ETİK TƏLƏBLƏR

Redaktorlar redaksiyaya daxil olmuş məqalələri nəşrə hazırlayır və bu prosesin yüksək səviyyədə təşkili üçün məsuliyyət daşıyırlar.

  • Redaktorların hər hansı bir müəlliflə şəxsi və ya peşəkar əlaqələri varsa, bu əlaqə onların obyektivliyinə təsir göstərə bilərsə, bu məlumatı açıq şəkildə bəyan etməli və həmin məqalənin qiymətləndirilməsi prosesində iştirak etməməlidirlər.
  • Redaktorlar nəşrə aid qərarlar qəbul edərkən obyektivlik, professionallıq, elmi keyfiyyət və qərəzsizlik prinsiplərinə riayət etməlidirlər.
  • Redaktorlar müəlliflərin irqi, dini, milli və cinsi mənsubiyyətindən asılı olmayaraq məqalələri obyektiv qiymətləndirməli, müəlliflərlə ünsiyyət qurarkən ədalətlilik, nəzakətlilik, dürüstlük, şəffaflıq və obyektivlik prinsiplərinə riayət etməlidirlər.
  • Redaktorlar nəşrə qəbul etmədikləri məqalələri digər məqsədlərlə istifadə etməməli, məxfilik prinsipinə ciddi riayət etməlidirlər.

 

RƏYÇİLƏR ÜÇÜN ETİK TƏLƏBLƏR

Rəyçilər redaksiyaya daxil olmuş məqalələrin dəyərləndirilməsini həyata keçirir və bu məqalələrin jurnalda dərc olunub-olunmaması barədə rəy verirlər.

  • Rəyçilərin hər hansı bir müəlliflə şəxsi və ya peşəkar əlaqələri varsa, bu əlaqə onların rəyvermə prosesindəki obyektivliyinə təsir göstərə bilərsə, bu məlumatı açıq şəkildə bəyan etməli və həmin məqalənin rəyvermə prosesində iştirak etməməlidirlər.
  • Rəyçilər məqalələri obyektiv və qərəzsiz şəkildə yoxlamalı, məxfilik prinsipinə ciddi riayət etməlidirlər.
  • Rəyçilər məqalələrə rəy hazırlayarkən fikirləri dəqiq və aydın ifadə etməli, məqalələrin həm müsbət, həm də mənfi cəhətlərini ciddi faktiki dəlillərlə əsaslandırmalıdırlar.

 

NƏŞR ETİKASI İLƏ BAĞLI PROBLEMLƏR VƏ MƏQALƏ DƏYİŞİKLİKLƏRİ 

“Elm, Təhsil və İnnovasiyalar” Beynəlxalq Elmi Jurnal nəşr etikası ilə bağlı problemlərin həlli və dərc olunmuş məqalələrin geri qaytarılması, dəyişdirilməsi və ya çap edilmiş mündəricatdan silinməsi ilə bağlı uyğun tələblərə görə şəffaf davranışa riayət etməlidir:

  • Dərc olunmuş məqalələrin geri götürülməsi: müəllif, yaxud həmmüəlliflər məqalədə hər hansı bir əhəmiyyətli elmi səhv, yaxud qeyri-dəqiq məlumat aşkar etdikdə redaktora rəsmi məlumat verərək, dərc olunmuş məqaləni geri götürə bilər.
  • Dərc olunmuş məqalələrin dəyişdirilməsi: məqalədə hər hansı bir əhəmiyyətli düzəliş, yaxud zəruri əlavəyə ehtiyac olarsa, müəllif, yaxud həmmüəlliflər məqalənin yenilənmiş versiyası ilə əvəz edilməsi üçün bir dəfə müraciət edə bilər.
  • Dərc olunmuş məqalələrin silinməsi: məqalədə saxta məlumatlar, plagiat kimi nəşr etikasının pozulması halları aşkar edilərsə, dərc olunmuş məqalə jurnalın mündəricatından silinəcək, həmin müəllif və həmmüəlliflər üç il müddətinə “Elm, Təhsil və İnnovasiyalar” Beynəlxalq Elmi Jurnala məqalə təqdim etməkdən məhrum ediləcəklər. Müəlliflər məqalə hazırlığı zamanı süni intellekt alətlərindən etik prinsiplərə uyğun şəkildə istifadə edə bilərlər, lakin bu zaman müəlliflər əldə olunan məlumatların dəqiqliyinin və obyektivliyinin yoxlanılması, müəllifin özünün orijinal baxışlarını əks etdirməsi, süni intellekt alətlərində şəkil və qrafiklərin yaradılmaması, istifadə edilən süni intellekt alətinin adının və onun istifadə məqsədinin “Süni intellektdən istifadə bəyanatı”nda göstərilməsi (bu bəyanat məqalənin Metodlar bölməsində qeyd edilməlidir) prinsiplərinə əməl etməlidirlər.

 

MƏXFİLİK BƏYANNAMƏSİ

Redaksiyaya daxil olan tədqiqat məlumatları məxfiliyi qorumaq məqsədilə gizli saxlanılmalı, araşdırma nəticələrinin məxfi saxlanılması və iştirakçıların şəxsiyyətlərinin qorunması təmin edilməlidir. Tədqiqat məlumatlarının yalnız müvafiq və icazə verilmiş şəxslər – redaktor, redaksiya heyəti üzvləri, rəyçilər və müvafiq müəlliflərlə paylaşılmasına icazə verilir. Veb-sayta daxil edilən adlar və e-poçt ünvanları yalnız jurnalın qeyd olunan məqsədləri üçün istifadə edilməli, heç bir halda digər məqsədlər üçün üçüncü tərəfə təqdim edilməməlidir.

Qeyd edilən prinsiplərə riayət etməklə müəlliflər, redaktorlar və rəyçilər “Elm, Təhsil və İnnovasiyalar” Beynəlxalq Elmi Jurnalda dərc olunan elmi tədqiqatların bütövlüyünə, keyfiyyətinə, ciddi akademik tədqiqatların inkişafına və şəffaflığına töhfə verilməsinə xidmət göstərir. Bu prinsiplərə riayət edilməməsi təqdim edilən əlyazmanın geri qaytarılmasına və ya jurnalın etik siyasətində qeyd olunan tədbirlərin həyata keçirilməsinə səbəb olacaqdır.

 

AÇIQ GİRİŞ SİYASƏTİ

“Elm, Təhsil və İnnovasiyalar” Beynəlxalq Elmi Jurnal açıq giriş (Open Access) siyasətinə uyğun fəaliyyət göstərir və Creative Commons Attribution-NonCommercial 4.0 International (CC BY-NC 4.0) lisenziyasının şərtləri əsasında yayımlanır. Açıq giriş siyasəti bütün məqalələrin ödənişsiz və asanlıqla əldə edilməsinə imkan yaradır, həmçinin, elmi tədqiqat işlərinin qlobal miqyasda daha geniş təşviqini təmin edir. 

 

LİSENZİYA

Jurnalda çap edilən bütün məqalələr CC BY-NC 4.0 lisenziyası ilə çap edilir. Bu lisenziya, müəlliflərin işlərinin qeyri-kommersiya məqsədli istifadəsinə icazə verir, eyni zamanda, əsərin müəllifinin tanınmasını şərtləndirir. İstənilən istifadəçi məqalələri jurnalın veb-saytında ödənişsiz olaraq oxuya və yükləyə bilər, lakin kommersiya məqsədli istifadədən çəkinməlidir. Məqalələrin tam mətni jurnalın rəsmi internet saytının Arxiv bölümündə (www.iseic.org) yayımlanır.